2026

Türkiyədə 24 aprel tədbirlərinin qadağan edilməsi

2026-04-25

İstanbul Valiliyi bu il də aprelin 24-ü anım tədbirlərinin keçirilməsini qadağan edib. İstanbul valisi “Aprelin 24-ü Anım Platformu”nun müraciətini yenidən heç bir səbəb göstərmədən rədd edib.

2010-cu ildən etibarən Türkiyənin bir sıra şəhərlərində “Aprelin 24-ü Anım Platformu” həm İstanbulda, həm də ölkənin müxtəlif şəhərlərində anım tədbirləri keçirirdi. 2020-ci ildə pandemiya səbəbilə anım tədbirləri qadağan edildi və bu qadağa bu günə qədər davam edir; Türkiyə hakimiyyəti bu tədbirləri “məqsədəuyğun deyil” kimi qiymətləndirir.

Əslində, aprelin 24-ü tədbirlərinin hakimiyyət tərəfindən “məqsədəuyğun deyil” kimi təqdim olunaraq qadağan edilməsi dövlət səviyyəsində qəbul edilmiş inkar siyasətindən qaynaqlanır. Bu, yalnız anım tədbirlərini məhdudlaşdırmır, həm də vətəndaş cəmiyyətinin azad ifadə imkanlarını pozur.

Anım tədbirlərinin qadağan edilməsinin əsas və birinci səbəbi Türkiyənin inkar siyasəti ilə əlaqələndirilir. Türkiyə dəfələrlə qeyd edib ki, soyqırım həyata keçirməyib. Türkiyə Respublikasının prezitenti Rəcəb Tayyib Ərdoğan öz çıxışında qeyd edib ki, Erməni Soyqırımını tanıyan dövlətlər bu iddialarını arxiv sənədləri ilə sübut etməyiblər. O, nümunə kimi Fransanı göstərərək, bu ölkənin həqiqətlə maraqlanmadığını bildirib.

Nəticə etibarilə, Türkiyədə Erməni soyqırımının anımına yönəlmiş tədbirlərin qadağan edilməsi məhz inkar siyasəti ilə bağlıdır. 2010–2019-cu illərdə anım tədbirlərinin keçirilməsinə icazə verilməsi isə onunla izah olunur ki, bu dövrdə Türkiyə beynəlxalq ictimaiyyətə “Türkiyədə söz azadlığı mövcuddur” mesajını təqdim etməyə çalışırdı.

İkinci səbəb xarici siyasət amilidir. Aprelin 24-ü ilə bağlı tədbirlər tez-tez beynəlxalq reaksiyalarla müşayiət olunur və bu tədbirlərin Türkiyə daxilində keçirilməsi ölkənin inkar siyasətindən imtina kimi qəbul edilə bilərdi, Türkiyə hakimiyyəti isə bundan yayınmağa çalışır.

2016-cı ildə Almaniya Bundestaqı qəbul etdiyi qətnamə ilə Erməni Soyqırımını rəsmi şəkildə tanıdı. Türkiyə bu qərarı tənqid etdi. Rəcəb Tayyib Ərdoğan həmin qərarın ikitərəfli münasibətlərə təsir edəcəyini bildirib və onu əsassız adlandırıb. Bunun ardınca Türkiyənin Berlindəki səfiri geri çağırılıb.

2019-cu ildə Fransa Prezidenti Emmanuel Makron elan etdi ki, aprelin 24-ü Fransada rəsmi şəkildə Erməni Soyqırımının anım milli günü kimi qeyd olunacaq. Fransanın bu addımını Türkiyə dərhal pislədi və yenidən Eerməni Soyqırımı ilə bağlı inkar mövqeyini vurğuladı.

Türkiyə Prezidentinin sözçüsü İbrahim Qalın bildirib ki, Erməni Soyqırımı ilə bağlı iddialar siyasi yalandır, hüquqi əsasdan məhrumdur və tarixi faktlara ziddir, o əlavə edib ki, bu “iddialar” Türkiyə üçün heç bir dəyər daşımır.

2021-ci ildə Co Bayden ilk dəfə “Soyqırım” terminindən istifadə etdi. Baydenin bu ifadəni işlətməsi Türkiyədə böyük rezonans doğurdu. Türkiyə hakimiyyəti bu bəyanatı tənqid edərək onu tarixin siyasiləşdirilməsi kimi qiymətləndirdi və məsləhətləşmələr üçün öz səfirini müvəqqəti olaraq ABŞ-dan geri çağırdılar.

Müxtəlif ölkələrin Erməni Soyqırımının tanınması və pislənməsi ilə bağlı bəyanatlarından sonra, Türkiyə təkcə həmin ölkələrin açıqlamalarını inkar etmir və ya tənqid etmir, həm də iqtisadi və ya siyasi vasitələrlə həmin ölkələrə təzyiq göstərirdi. Belə ki, Fransanın Erməni Soyqırımını tanımasından sonra, Fransa ilə Türkiyə arasında diplomatik münasibətlər gərginləşdi. Türk iş adamları və deputatlar Parisə gedərək ticarət müqavilələrini müvəqqəti dayandırmaq və Fransaya təzyiq göstərmək məqsədilə addımlar atdılar. Yəni Türkiyənin inkar siyasəti praktik siyasətə çevrildi, anım tədbirlərinin qadağan edilməsi isə çox vaxt Türkiyənin beynəlxalq ictimaiyyətin təzyiqlərinə cavab addımı kimi qiymətləndirilir.

Telegram kanalımıza abunə olun