2026

Avropa cəmiyyəti Azərbaycan repressiayalarına qarşı

2026-02-04

Azərbaycanda jurnalistlərə qarşı davam edən siyasi təqiblərə qarşı mübarizə üzrə beynəlxalq kampaniya yeni vüsat alır. Xüsusilə, “Sərhədsiz Reportyorlar” (RSF) beynəlxalq təşkilatı Berlin, Paris və Bern mərkəzlərində aksiya çərçivəsində Azərbaycan həbsxanalarında saxlanılan jurnalistlərin həbs şəraitini yenidən canlandıraraq, ictimaiyyətin diqqətini azadlıqdan məhrum edilmiş Azərbaycan media nümayəndələrinə yönəldib. Təşkilatın bəyanatında denilir: “azərbaycanlı journalist Sevinc Vaqifqızı artıq 800 gündür ki, həbsdədir. Bu müddət ərzində o, həbsxana əməkdaşları tərəfindən döyülüb, şəxsi əşyalarından məhrum edilib, ona kifayət qədər su və qidə verilməyib. 675 gün sonra “Abzas Media”nın baş redaktoru Vaqifqızı başqa bir həbsxanaya köçürülüb. O və daha 24 azərbaycanlı müstəqil jurnalist müxalif fəaliyyətlərinə görə həbsdədirlər”.

“Sərhədsiz Reportyorlar” təşkilatının Şərqi Avropa üzrə müşaviri A. Ştrujun sözlərinə görə, mövcud olan sistemə qarşı tənqidi mövqelərinə görə müstəqil jurnalistlər Azərbaycan həbsxanalarında hökm sürən qeyri-insani şəaraitdə qalaraq işgəncələrə, psixoloji təhdidlərə, həşəratlara və çirkəbə dözməyə məcbur edilirlər. A. Ştruj qeyd edib. “Həbsxana şəraitini yenidən canlandıran bu aksiya ilə biz Azərbaycanda mətbuata qarşı göstərilən sistemli təzyiqləri göstəririk və özümüzə xatırladırıq ki, bu media nümayəndələri barmaqlıqlar arxasında belə informasiya və söz azadlığını müdafiə edirlər. Biz dünyanın demokratik hökumətlərini Azərbaycan hakimiyyətinə və prezident Əliyevə qarşı təzyiqləri gücləndirməyə çağırırıq”.

Bu beynəlxalq təşkilat qeyd edir ki, avtoritar neft dövləti kimi, Azərbaycan Almaniya və Avropa İttifaqının strateji enerji baxımından mühüm tərəfdaşına çevrilib. İllər ərzində Azərbaycan hakimiyyəti Aİ-yə üzv bir sıra ölkələrdə, o cümlədən Almaniya Bundestaqının deputatları arasında əhəmiyyətli lobbiçilik uğurları əldə edib. 2026-cı ilin yanvar ayından etibarən Azərbaycan Almaniyaya təbbi qaz ixrac edir. Yəni, Qərb, Azərbaycanda müxalif baxışları olan şəxslərin sistemli şəkildə təqib edildiyi, susdurulduğu və ya həbs edilərək təcrid olunduğu şəraitdə belə, strateji enerji tərəfdaşını qorumağa üstünlük verir. “Sərhədsiz Reportyorlar” təşkilatının nümayəndələri Azərbaycanda dərin köklərə malik korrupsiya problemini də gündəmə gətirərək, bunun həbsxana şəraitində də öz əksini tapdığını bildiriblər. Misal üçün, həbsdə olan jurnalist Nərgiz Absalamovanı xatırladaraq, vurğulayırlar ki, həkimlər bəzən dərman və tibbi xidmətlər üçün adi qiymətlərdən üç dəfə artıq məbləğ tələb edirlər.

Xüsusilə də, jurnalistlərin xarici ölkələr ilə əlaqələri ciddi şəkildə məhdudlaşdırılıb. Həbsxana rəhbərliyi onları həbs şəraiti barədə yazmağı dayandırmağa məcbur edir. Təhdidlərə və cəzalara baxmayaraq, jurnalistlər həbsxanalardan ictimaiyyətə açıq məktublar göndərərək mövcud vəziyyəti və saxlanma yerlərində onların pozulan hüquqlarını təqdim etməyə davam edirlər.

Belə bir aksiya Almaniyanın Passau şəhərində də keçirilib. Tədbir çərçivəsində şəhərin mərkəzi küçələrində Azərbaycanda həbsdə olan jurnalistlərin portretləri asılıb. Eyni zamanda “Jurnalistlər Azərbaycan hökuməti tərəfindən girov saxlanılır” şüarı ilə plakatlar yerləşdirilib.

Təşəbbüsün məqsədi Azərbaycanda söz və media azadlığına beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək, həbsdə olan jurnalistlərə dəstək göstərməkdir. Kampaniyanın Avropanın digər şəhərlərində də davam etdirilməsi planlaşdırılır.

Yanvar ayının 26-da beynəlxalq insan haqları “Amnesty İnternational” təşkilatı Azərbaycan prezidenti İlham Əliyevə müraciət edərək, müstəqil “Meydan TV”-nin həbsdə olan 12 azərbaycanlı jurnalistinin dərhal azadlığa buraxılmasını və sağlamlıq problemləri olan ən azı üç nəfərə təcili tibbi yardım göstərilməsini tələb edib. Təşkilatın məlumatına görə, 2024-cü ilin dekabr ayından etibarən Azərbaycanda “Meydan TV” və ona bağlı media platformalarının 12 jurnalisti əsassız ittihamlarla həbs olunub. Qeyd edilir ki, “onların həbsi jurnalist fəaliyyətlərinə görə qisas xarakteri daşıyır. İki jurnalistə qarşı irəli sürülən cinayət ittihamları saxta və uydurmadır. Hamı bir neçə maddə üzrə, əsasən isə qaçaqmalçılıq ittihamı ilə günahlandırılır”. Vurğulanır ki, həbs olunan jurnalistlərin heç biri irəli sürülən ittihamları qəbul etmir. Onlar bildirirlər ki, jurnalist fəaliyyətlərinə görə hakimiyyətin siyasi göstərişi ilə həbs ediliblər.

Azərbaycanlı siyasi məhbuslarının azadlığa buraxılması tələbi ilə Strasburqda yerləşən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) binası qarşısında digər bir aksiya keçirilib. Həmin aksiya xaricdə yaşayan Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri tərəfindən təşkil edilib. Aksiya zamanı Avropa qurumlarına Azərbaycan ilə münasibətlərdə “neft və qaz diplomatiyasına” deyil, dəyərlərə əsaslanmağa çağrılıb, siyasi məhbusların azad olunması tələb olunub.

Günlər əvvəl xaricdə yaşayan Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri Avropa Şurasına müraciət edərək Azərbaycana qarşı əlavə birgə prosedurun başlanmasına çağırıblar. “Azərbaycanda repressiyalara son qoyun” çağırışı ilə nümayəndələr Azərbaycanda insan hüquqlarının kütləvi şəkildə pozulmasına dərhəl müdaxilə olunmasını tələb ediblər. Kampaniya üzvləri qeyd ediblər ki, Azərbaycan onilliklər ərzində Avropa Şurası qarşısında götürdüyü öhdəliklərini yerinə yetirməyib, bunun nəticəsində siyasi məhbusların sayı rekord həddə çatıb, hüquq sistemində isə sui-istifadələr davam edilir.

Azərbaycanın müxalif “Xalq Cəbhəsi” partiyasının həbsdə olan sədri Əli Kərimli də siyasi məhbuslar məsələsi ilə bağlı ABŞ-ın vitse-prezidenti Cey Di Vensə müraciət edib: vitse-prezidentin fevral ayında Azərbaycanda planlaşdırılan səfərinə istinad edərək. Öz bəyanatında Azərbaycanda repressiyaların pik həddə çatdığını qeyd edən Əli Kərimli yazır. “340-a qədər ictimai və siyasi fəal siyasi mövqelərinə görə həbs edilib və rejim ölkədə azad mətbuatı, vətəndaş cəmiyyətini və müxalifəti məhv etməyə çalışır”.

Qeyd edək ki, bu ilin yanvar ayında azərbaycanlı hüquq müdafiəçilərinin açıqladığı yenilənmiş məlumatlarına görə Azərbaycanda 340 siyasi məhbus var. Siyasi məhbusların yeniləşmiş siyahı 12 qrupa bölünüb, onların arasına dindarlar (192), müxalif partiya və vətəndaş cəmiyyətin üzvləri (45), jurnalistlər və bloqerlər (31), hüquq müdafiəçilər (8), milli azlıqların fəalları (5), müharibə əleyhinə fəallar (2) və digərləri daxildir.

Beynəlxalq səviyyədə göstərilən bəzi təzyiqlərə baxmayaraq, Əliyevin repressiv siyasəti ölkə daxilində və onun sərhədlərindən kənarda müstəqil səslərin susdurulmasını davam etdirir. Demək olar ki, hər gün müstəqil jurnalistlərin, müxalifət nümayəndələrinə qarşı müxtəlif cinayət işlərinin başlanması və həbslərlə bağlı yeni məlumatlar yayılır. Bakı hakimiyyəti, 2025-ci ildə, onların apardığı siyasi fəaliyyətlərini tənqid edən xaricdə yaşayan təxminən 24 nəfər barəsində cinayət işləri açıb. Yerli məhkəmələr artıq tanınmış bir sıra azərbaycanlı jurnalist və bloqerlər barəsində qiyabi məhkəmə hökmləri çıxarıblar.

Telegram kanalımıza abunə olun