2026
2026-03-11
Azərbaycan prezidenti İlham Əliyevin mart ayının 5-də keçirilən Təhlükəsizlik şurasının iclası zamanı İranın ünvanına səsləndirdiyi hədələyici bəyanatlar Bakının müttəfiqi olan Türkiyədə birmənalı şəkildə qarşılanmayıb. Həmin bəyanatlar mart ayının 5-də Naxçıvan ərazisinə pilotsuz uçuş aparatlarının zərbələrindən sonra səsləndirilib. Azərbaycan prezidenti bu hücumları “terror aktı” kimi qiymətləndirərək bildirib ki, ölkənin silahlı qüvvələri istənilən əməliyyata hazır olmalıdır.
Əliyevin bu sərt açıqlamaları Türkiyənin informasiya məkanında son günlər ərzində sərt tənqidlərə səbəb olub. “Azərbaycan İsrailin oyuncağıdır”, “Azərbaycan qardaşımız deyil. Onlar sionistdir”, “Sizi Qarabağda biz xilas etdik” və buna oxşar ifadələr son günlərdə türkiyə mediasında üstünlük təşkil edir.
Prezident Ərdoğanın yaxın çevrəsinə aid olan jurnalist Şamil Tayyar, İlham Əliyevə 2024-cü ilin dekabr ayının 5-i xatırladıb. Həmin gün Bakıdan Qroznıya uçan “AZAL” aviaşirkətinin sərnişin təyyərəsi Rusiya hava hücumundan müdafiə raketi ilə vurulmuşdu. Hadisə nəticəsində 38 sərnişin hələk olmuşdu. Üstəlik, Rusiyanın prezidenti Vladimir Putin təyyarənin Rusiya HHM sistemi tərəfindən vurulduğunu etiraf etmişdi. “Kimsə onları “namussuz” adlandırmadı. “Başınızı kəsərik” kimi təhdidlər səslənmədi. İndi isə İran deyir ki, “biz raket buraxmamışıq” və hadisə hələ də tam aydınlaşdırılmayıb. Bəs bu qəzəbin səbəbi nədir? ”-deyə o, “x” sosial şəbəkəsindəki mikrobloqunda yazıb.
Tele2 Haber telekanalına verdiyi müsahibədə Türkiyə ordusunun generalı Haldun Solmaztürk bildirib ki, Azərbaycanda qərarların dövlət səviyyəsində qəbul edildiyini demək yanlışdır, çünki ölkəni bir dinastiya idarə edir. Onun sözlərinə görə, Azərbaycanda təkhakimiyyətli idarəetmə mövcuddur və bu idarərtmə İsrail və Amerika Birləşmiş Ştatlarının müttəfiqidir. “ABŞ və İsrail ona nə deyirsə, elə də olacaq. Başqa sözlə desək, Azərbaycan dövlət kimi hər hansı qərar qəbul etmir. Qərarlar ABŞ və İsrail ilə razılaşdırılaraq qəbul olunur”,-deyə o bildirib.
Türk tarixçi və akademik Ahmet Şimşirgil yazıb ki, Əliyev İsrailin qulu halına gəlib və onu anlamaq mümkün deyil. “Onun sionist İsrailə olan sevgisi doğrudanmı bu qədər güclüdür? Daha artıq söz demək belə istəmirsən. Qəzzə ilə bağlı mövqeyini və açıqlamalarını nəzərə alsaq, onun üçün çox təəssüf edirik. Aydındır ki, o, qul halına gəlib. Hətta əmin deyirəm ki, əgər biz İsraillə müharibəyə başlasaq, o, bizə hər hansı fayda verə bilər”.
Sosial şəbəkələrin müxtəlif istifadəçiləri İlham Əliyevin fotolarını “O, Netanyahunu hətta sionistlərdən də çox sevir” şərhi ilə paylaşırlar.
“Azərbaycan rəhbəri İlham Əliyev İsrailin əlində bir şahmat fiqurudur. Azərbaycan xalqı Əliyevin istefasını tələb etmək üçün küçələrə çıxmalıdır. Əliyev azərbaycanlı türkləri İsrail və Amerikanın maraqları naminə İrana qarşı istifadə etmək istəyir. Bu oyuna gəlməyin”,-deyə türk istifadəçilərdən biri “X” platformasında yazıb.
Türkiyənin hakim “Ədalət və İnkişaf Partiyası”nın (AKP) keçmiş üzvü və vəkil Mücahit Birincinin sözlərinə görə, türklər Qəzzada baş verən bütün hadisələr zamanı İlham Əliyevin İsrailə göstərdiyi simpatiyaya dözümlə yanaşıblar. “İndi isə o hamıya barmaq silkələyir və pilotsuz uçuş aparatları ilə bağlı uydurma bir insidentə görə dünya müharibəsi başlatmağa çalışır. Görünür ki, səbr kasası artıq dolub...”,-deyə o yazıb.
Hakimiyyətyönlü, tanınmış türk jurnalist İbrahim Karagül də bildirib ki, İsrail Azərbaycana güclü təzyiq göstərir və onu İranla müharibəyə cəlb etmək üçün planlar qurur. Türkiyə parlamentinin “Xalqların Bərabərliyi və Demokratiya” (DEM) kürdyönlü partiyasının deputatı Ömer Faruk Gergerlioğlu da prezident İlham Əliyevə müraciət edərək qeyd edib ki, Əliyev bu müharibədə İsrailə qoşulmaq üçün fürsat axtarır. “Əvvəlcə özü və ailəsi ilə bağlı korrupsiyaya və avtoritar idarəçiliyə son qoysun”,-deyə o bildirib.
Türkiyə media məkanında Azərbaycan və xüsusilə də İlham Əliyev barədə səsləndirilən mənfi şərhlər o qədər artıb ki, vəziyyətə Türkiyə Prezident Administrasiyası müdaxilə etmək məcburiyyətində qalıb. Prezident Administrasiyasına bağlı Kommunikasiya İdarəsinin Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi yaydığı bəyanatda bildirib ki, “Regionumuzda son gəlişmələr fonunda müşahidə olunur ki, bəzi platformalar, xüsusilə sosial şəbəkələr, Türkiyə-Azərbaycan münasibətlərinə və birbaşa Azərbaycana yönəlmiş həddindən artıq tənqidi, dezinformasiya xarakterli və təxribatçı paylaşımlar yayırlar”. Bəyanatda xatırladır ki, ikitərəfli münasibətlərə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev rəhbərlik edir və bu münasibətlər “Bir millət, iki dövlət” şüarı əsasında həyata keçirilir, mərkəz ictimaiyyəti bəyanatlar verərkən daha diqqətli olmağa çağırıb, çünki belə dezinformasiyalar və paylaşımlar “qardaşlığa” zərər verə bilər.
Sosial şəbəkələrdə yayılan paylaşımlara görə, Türkiyədə İlham Əliyevi tənqid etdikləri üçün bəzi istifadəçilər həbs olunub və sorğu-suala çəkiliblər. Ankaradan səslənən ittihamlara cavab olaraq, Bakıdakı hakimiyyətyönlü təbliğat maşını və media işə düşüb. “Yeni Azərbaycan” partiyasının idarə heyətinin üzvü, millət vəkili və Milli Məclisin Əmək və Sosial Siyasət Komissiyasının sədri Musa Quliyev Türkiyədə Azərbaycana qarşı təbliğat kampaniyası aparmaqda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni, Berat Albayrağı günahlandırıb.
“Təəssüf ki, cəmiyyətimizdə əvvəllər də, bu gün də müxtəlif adlar altında məqsədlərini gizlədən və öz nalayiq niyyətlərini həyata keçirməyə çalışan qüvvələr mövcuddur... Fakt odur ki, Azərbaycanda Türkiyəyə qarşı fəaliyyət göstərmiş qruplar var. Lakin onların nalayiq fəaliyyəti səmərəli şəkildə əngəllənib”,-deyə millət vəkili bildirib.
Onun sözlərinə görə, Türkiyədə müxtəlif qruplar bu gün də ardıcıl və açıq şəkildə anti-Azərbaycan fəaliyyətlərini davam etdirirlər. Azərbaycanlı deputat hesab edir ki, Türkiyə mediasında yaranmış vəziyyət təhlükə doğurur. Nümunə olaraq o, Türkiyənin aparıcı media holdinqlərindən biri olan “Turkuvaz”ın yayımlarını göstərir. Deputat vurğulayır ki, bu holdinq müntəzəm olaraq Azərbaycan əleyhinə iftira kampaniyası aparır, məqsədli şəkildə Azərbaycanı gözdən salır və ölkə rəhbərliyinə qarşı təhqiramiz ifadələr səsləndirir.
“ “Turkuvaz” qrupunun rəhbəri Berat Albayraq Prezident Ərdoğanın ailə üzvüdür (qeyd-Ərdoğanın böyük qızının həyat yoldaşıdır). Bu şəxs vaxtilə Türkiyə Prezidenti tərəfindən ciddi pozuntulara görə bütün vəzifələrindən kənarlaşdırılıb. Lakin o, hətta Energetika naziri olduğu dövrdə də anti-Azərbaycan qruplarının ön cəbhəsində olub. Bu gün isə eyni məqsədlərlə Türkiyə ictimai rəyinə təsir edən güclü nüfuzunu istifadə edir. Təəccüblü deyir ki, “Turkuvaz” qrupu hazırda Türkiyədə bir sıra media orqanları tərəfindən Azərbaycana qarşı aparılan kampaniyanın ön cəbhəsindədir”,-deyə azərbaycanlı deputat bildirib.
Qeyd edək ki, Musa Quliyevin “APA”ya verdiyi müsahibə xəbər saytının səhifəsindən silinsə də, müxtəlif mənbələrdə saxlanılıb.
Bu informasiya atışması Tütrkiyə-Azərbaycan maraqlarının toqquşmasının kiçik bir fraqmentidir. Hətta “qardaşlıq sevgisinə” baxmayaraq, türk jurnalistlərin və ictimai xadimlərin açıqlamaları göstərir ki, Ankarada Azərbaycanın apardığı siyasətinə qarşı narazılıq artır.
Bakıdakı hakimiyyətyönlü təbliğat maşını ittihamları Türkiyədə fəaliyyət göstərən qüvvələrin üzərinə atmağa çalışsa da, Əliyevin mövqeyini müdafiə etmək məqsədi daşısa da, bu inkişaflar göstərir ki, Azərbaycanın xarici siyasəti yalnız regionda gərginlik doğrurmur, həm də əsas müttəfiqi Türkiyə ilə münasibətlərinə təhlükə yaradır.