2026

Bakı məktəblərdə hicab taxmağı qadağan edirmi?

2026-10-07

Son günlər ərzində Azərbaycanda hicab taxan şagirdlərin məktəblərdən uzaqlaşdırılması, dərslərə buraxılmaması və baş örtüyü taxmalarının qadağan edilməsi ilə bağlı hallar və göstərişlər geniş yayılıb. Xüsusilə, Azərbaycan və beynəlxalq sosial media platformalarında Sumqayıt şəhərinin 6 nömrəli orta məktəbində hicab taxan şagird qızların məktəbə daxil olmasına icazə verilmədiyini əks etdirən video yayılıb.

Eyni hal Sabirabad rayonunun Yolçubəyli kəndində və Gəncə şəhərinin 24 nömrəli orta məktəblərində də baş verib. Məlumatlara görə, sentyabr ayının 30-da Yolçubəyli kənd orta məktəbinin direktoru Kənan Ələsgərli qız şagirdlərə xəbərdarlıq edib: “Ya gələn həftə baş örtüklərinizi çıxarın, ya da ərizə yazıb məktəbdən gedin”. Valideynlərin iddiasına görə, direktor bu göstərişi Elm və Təhsil Nazirliyindən alıb.

Gəncə şəhərinin 24 nömrəli orta məktəbində hicab taxan şagirdlərin valideynlərinin bildirdiyinə görə, direktor Abdulla Kərimov aylarca hicab taxan qız şagirdlərə təzyiq göstərib. Valideynlərin sözlərinə görə, direktor bir neçə qız şagirdin hicabını zorla çıxarıb.

Bütün bunlar Azərbaycan hökumətinin sentyabr ayının 21-də dövlət ümumtəhsil müəssisələrində təhsilalanların geyiminə dair tələblərə dəyişikliklərlə bağlı qəbul etdiyi qərarın fonunda baş verir. Sənədə əsasən, təhsilalanlara müəyyən edilmiş vahid məktəb formasının bütövlüyünü pozan, habelə ümumi təhsilin dünyəviliyi prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadəyə yol verilmir. Qərarda “hicab” sözündən istifadə edilmir və hər hansı dini geyim xüsusi olaraq qeyd olunmur. Bununla belə, dini fəallar bu dəyişikliyi məktəb formasının tərkib hissəsi olmayan baş örtüklərinin qadağan edilməsi kimi şərh edirlər. Habelə geyimin konkret olaraq hansı elementlərinin dünyəvilik prinsipinə uyğun olmadığı da dəqiqləşdirilmir.

Bu müzakirələr Türkiyəyə də gedib çıxıb. Burada dini xadimlər Azərbaycan hökumətini tənqid edir və hətta hədələyirlər. Oktyabr ayının 3-də İstanbulda, Azərbaycanın Baş Konsulluğunun qarşısında türk fəallar “Fikir Azadlığı və Təhsil Hüquqları Dərnəyi”nin təşəbbüsü ilə Azərbaycan məktəblərində hicab taxılmasına qoyulan qadağaya qarşı etiraz aksiyası keçiriblər.

Bir neçə gün əvvəl Azərbaycan sosial şəbəkələrində hicab mövzusu gündəmə gəlib və ilahiyyatçı Abgül Süleymanovun saxlanılması ilə bağlı müzakirələr daha da kəskinləşib. O, sentyabrın 22-si axşam saatlarında saxlanılıb və məhkəmə tərəfindən 30 sutka müddətinə inzibati həbsə məhkum edilib. Süleymanov məktəblilərin hicab taxmasına qoyulan məhdudiyyətlərə qarşı çıxış edib. Ailəsi onun saxlanılmasını məhz bu mövqeyi ilə əlaqələndirir.

Hicab taxan qız şagirdlərin məktəbə buraxılmaması ilə bağlı şikayətlər hələ də aprel ayının əvvəlində daxil olmuşdu. Həmin vaxt Sumqayıt şəhərinin 15 nömrəli orta məktəbində hicab taxan qız şagirdlərin məktəbə getməsinə qadağa qoyulmuşdu. “Məktəbdən 18 yaşı tamam olmayan qız şagirdi uzaqlaşdırıblar. O, təhsilini davam etdirmək imkanından məhrum edilib”, – deyə onun valideyni bildirib. “Konstitusiyanın 42-ci maddəsinə əsasən, bizim təhsil almaq hüququmuz var. Lakin dini etiqadımıza görə övladlarımızın və nəvələrimizin məktəbə getməsinə icazə vermirlər. Məktəb rəhbərliyi isə qızımın dərslərdən uzaqlaşdırılması ilə bağlı rəsmi bildiriş verməkdən imtina edib”, – deyə valideyn qeyd edib.

Onun sözlərinə görə, qız şagirdə ya baş örtüyünü çıxarmaq, ya da məktəbə gəldikdə baş örtüyünü çıxarıb dərslərdə iştirak etmək, daha sonra isə yenidən taxmağı təklif olunub. Valideynin sözlərinə görə, onlar Regional Təhsil İdarəsinə də müraciət ediblər və oradan bildirilib ki, bu, məktəbin daxili qərarıdır.

Hələ mart ayından etibarən hicab taxan şagirdlərin məktəblərə buraxılmadığı barədə məlumatlar yayılmışdı. Məlumatlara görə, Mehdiabad qəsəbəsinin 3 nömrəli orta məktəbinin direktoru Afət Camalova hicab taxdıqları üçün 23 şagirdi məktəbdən uzaqlaşdırmışdı. Mart ayının əvvəlində Qızılağac kəndinin 1 nömrəli orta məktəbində də oxşar hal baş vermişdi: məktəbin direktoru hicab taxdıqları üçün üç şagirdi məktəbdən uzaqlaşdırmışdı.

Azərbaycanda dini azadlıqların müdafiəsi ilə məşğul olan fəal Arzu Abdullanın sözlərinə görə, mart ayının əvvəlindən Xətai rayonunun 261 nömrəli, Mehdiabad qəsəbəsinin 3 və 4 nömrəli orta məktəblərində, eləcə də Sumqayıt şəhərinin 15 və 17 nömrəli məktəblərində hicab taxmaq qadağan edilib. Fəal “OC Media”ya bildirib ki, mart ayının 15-də Sumqayıt şəhərinin 17 nömrəli orta məktəbindən hicab taxan daha iki müəllimə də uzaqlaşdırılıb və bununla da hədəfə alınanların sayı artıb. Onun fikrincə, “yaxın gələcəkdə hicab qadağası rəsmi şəkildə qanuniləşdiriləcək”.

“Azadlıq” radiosunun Azərbaycan xidmətinə verdiyi müsahibədə Beyləqan sakini Fidan Məhərrəmova bildirib ki, yerli orta məktəbin direktoru 8-ci sinifdə oxuyan övladına hicabla məktəbə gəlməməsi barədə xəbərdarlıq edib. Valideynin bunun səbəbinin nə olduğunu sualına cavab olaraq direktor bunun “yuxarıdan gələn əmr” olduğunu vurğulayıb.

İmişli rayonunun sakini Vüsal Həsənli Facebook səhifəsində qeyd edib ki, 3 nömrəli məktəbdə hicab taxmasına qoyulan qadağa səbəbindən onun iki qızı dərslərdən uzaqlaşdırılıb. Bundan əlavə, məktəbin direktoru hicablarını çıxarmadıqları təqdirdə uşaqların məktəbə getməsinə icazə verilməyəcəyi barədə xəbərdarlıq edib.

Yayılan videolara və məlumatlara əsasən, İmişli rayonunun 8 nömrəli orta məktəbinin direktoru Rəna Quliyeva şagirdlərin baş örtüyü ilə məktəbə daxil olmasına icazə verməyib. Cəlilabad şəhərinin 7 nömrəli orta məktəbində də oxşar vəziyyət yaranıb.

Bütün bunların fonunda Azərbaycan sosial şəbəkələrində və bir sıra xəbər səhifələrində “hicabın digər dövlət müəssisələrində də qadağan ediləcəyi, bunun əvəzində isə milli baş örtüyü olan kəlağayının taxmasının təşviq edildiyi” barədə məlumatlar yayılmışdı.

Azərbaycanın “Yeni Müsavat” media orqanına istinad edilən nəşrlərdə qeyd olunmuşdu ki, Azərbaycanda məktəblərdə, ali təhsil müəssisələrində və dövlət idarələrində dini baş örtüklərinin, o cümlədən hicabın taxılmasının məhdudlaşdırılması nəzərdə tutulur. Lakin ilkin mənbə olan məqalə sonradan silinmişdi. “Yeni Müsavat” media qrupunun rəhbəri Rauf Arifoğlu məlumatı rəsmi şəkildə təkzib edərək bildirmişdi ki, dövlət səviyyəsində belə bir qərar və ya müzakirə olmayıb və məqalə yoxlanılmamış məlumat əsasında dərc edilib.

Hicab qadağalarından əvvəl baş vermiş hadisələr və etiraz aksiyaları

Azərbaycan məktəblərində hicab qadağası məsələsi yeni bir şey deyil. Hələ 2010-cu ildə təhsil naziri Misir Mərdanov bütün şagirdlərin məktəbdə müəyyən edilmiş məktəb formasını geymək zəruriliyini bildirmişdi ki, bu da faktiki olaraq hicab taxmasını istisna edirdi. Qərara qarşı yüzlərlə böyüyün və uşağın iştirakı ilə etiraz aksiyası keçirilmişdi. Aksiyanın iştirakçılarının iddiasına görə, qadağa onların dini etiqadlarını pozurdu. Etiraz zamanı 16 iştirakçı saxlanılmışdı.

2010-cu ilin dekabr ayının sonunda Azərbaycanda hicab qadağasına qarşı etiraz aksiyaları davam edib. Gəncədə polis Şah Abbas məscidinin qarşısında keçirilən aksiyanı dağıdaraq onlarla iştirakçını saxlayıb. Bakının Nardaran qəsəbəsində, eləcə də Masallı və Astara rayonlarında da oxşar etiraz aksiyaları keçirilib.

Hicab qadağasına qarşı etiraz aksiyaları 2011-ci ildə də davam edib və yeni həbslərlə müşayiət olunub. May ayının 6-da Bakıda Təhsil Nazirliyinin qarşısında nümayişçilərlə polis arasında baş verən toqquşmalar nəticəsində bir sıra iştirakçılar saxlanılıb. Aksiyanın iştirakçıları arasında dini xadimlər də olub. Onlar “Hicaba azadlıq” və “Allahu Əkbər” şüarlarını səsləndirib, “Hicab məktəbli qızların konstitusiya hüququdur” yazılmış plakatlar nümayiş etdiriblər. Onların tələbi orta və ali təhsil müəssisələrində hicab taxılmasına qoyulan qadağanın aradan qaldırılması olub; bunu konstitusiya hüququn pozulması kimi qiymətləndiriblər.

2012-ci ilin oktyabr ayında Bakıda “Hicaba azadlıq” şüarı ilə etiraz aksiyası keçirilib. Aksiya zamanı 65-dən çox nümayişçi saxlanılıb, 20 polis əməkdaşı isə yaralanıb. Saxlanılan şəxslər “hicab məhbusları” adlandırılıb. Qeyd edək ki, kütləvi etiraz aksiyalarından sonra Azərbaycanda hicab qadağası ilə bağlı qərar ləğv edilib.

Şiə müsəlmanları Azərbaycanın əhalisinin əksəriyyətini təşkil etsələr də, hakimiyyət dindar fəallara qarşı mütəmadi olaraq müxtəlif məhdudiyyətlər tətbiq edir. 2025-ci ilin avqust ayında  altı qadın Bakının Xəzər rayonunda şiələrin anım günü münasibətilə ehsan paylayarkən “dini mərasimlər adı altında etiraz aksiyası keçirmək” ittihamı ilə saxlanılıb. Hadisə zamanı polis tərəfindən qadınlara qarşı güc tətbiq edildiyini əks etdirən videolar sosial şəbəkələrdə geniş yayılıb.

Qeyd etməyə dəyər ki, Azərbaycan Konstitusiyasının 42-ci maddəsi hər kəsin təhsil almaq hüququnu və dövlətin üzərinə pulsuz və icbari ümumi orta təhsili təmin etmək öhdəliyini müəyyən edir. Eyni zamanda, Konstitusiyanın 48-ci maddəsi vicdan azadlığı hüququnu təsbit edir və bildirir ki, “heç kəs öz dini etiqadını ifadə etməyə (nümayiş etdirməyə), dini ayinləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz”.

Azərbaycanda məktəblərdə və digər təhsil müəssisələrində hicab taxılması məsələsi uzun illərdir ictimai və siyasi gərginliyə səbəb olub, vaxtaşırı yenidən ictimai gündəmə qayıdıb. Hakimiyyət məhdudiyyətləri dövlətin dünyəvi xarakteri və təhsil sistemində vahid qaydaların qorunmasının zəruriliyi ilə əsaslandırsa da, bu məhdudiyyətlər çox vaxt vətəndaşların, xüsusilə də qadınların və qızların təhsil, vicdan və din azadlığına dair fundamental hüquqları ilə ziddiyyət təşkil edir. Azərbaycan hakimiyyətinin qəbul etdiyi yeni qaydalar hicabı birbaşa qadağan etmir, lakin onun qadağan edilməsini təmin etmək məqsədilə fəal tədbirlər həyata keçirilir. Ölkədə dini baxışlara malik qadınlara qarşı qeydə alınan təzyiqləri nəzərə alaraq, hicabın qadağan edilməsi istiqamətində həyata keçirilən tədbirlərin həmçinin ictimai reaksiyanı qiymətləndirmək və gələcəkdə məhz hicab məhdudiyyətlərini rəsmi şəkildə qanuniləşdirməyə zəmin hazırlamaq məqsədi daşıdığını istisna etmək olmaz.

Telegram kanalımıza abunə olun